Zaqatala 2012
Azərbaycanın Şimal- Qərb bölgəsində 2012-ci il 7 may tarixində baş verən zəlzələ nəticəsində Zaqatala rayonunda xüsusilə çox dağıntı olmuştur.
Azərbaycanın Şimal- Qərb bölgəsində 2012-ci il 7 may tarixində baş verən zəlzələ nəticəsində Zaqatala rayonunda xüsusilə çox dağıntı olmuştur. Belə ki, 7 bal gücündəki zəlzəzlə zamanı yüzlərlə ev dağılmış və ya yararsız hala düşmüşdür.
Dövlətimiz tərəfindən dərhal ilk yardım göstərilmiş, əraziyə FHN-nin qəza –xilasetmə qüvvələri cəlb olunmuşdur.
Kənd sakinləri dağıntılar altından çıxarılaraq, xəstəxanalara yerləşdirilmişlər.
Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq komissiyalar fəaliyyətə başlamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən evlərinə ciddi ziyan dəymiş sakinlər üçün çadırlar qurulmuşdur.
Bölgədəki infrastruktur obyektlərinin normal iş fəaliyyəti bərpa edilmişdir. Atılan addımların davamı olaraq bir çox ictimai təşkilatlar, o cümlədən, hər zaman öz vətəndaşlıq mövqeyindən çıxış edən “Damla” İctimai Birliyi də dağıntılara məruz qalmış bölgəyə yardım işində kənarda qalmamışdır. Fəaliyyətində humanist prinsipləri əsas götürən “Damla” İctimai Birliyi may ayında zəlzələdən zərərçəkmiş Zaqatala əhalisinə kömək aksiyasına start vermişdir.
3 gün davam etmiş bu aksiya zamanı sadə vətəndaşların, eləcə də xeyriyyəçi insanların yardımı ilə xeyli miqdarda paltar, məişət əşyaları, dərmanlar və pul vəsaiti yığılmışdır. Yığılmış yardımı və pul vəsaitini ehtiyac sahiblərinə çatdırmaq üçün “Damla”İctimai Birliyinin əməkdaşları 2012-ci il mayın 21-də zəlzələnin baş verdiyi bölgəyə səfər etmişlər.
Zaqatalanın Bazar, Qımır, Çobankol kəndlərində zərərçəkmiş sakinlər ilə görüşmüş,müvəqqəti də olsa, 110 ailənin ehtiyacını ödəmişlər. Zəlzələdən zərər çəkən əhalinin ən çox ehtiyac duyduğu təsərrüfat malları və ev əşyaları qeydə alınmış və Zaqatalaya yardım aksiyası davam etdirilmişdir. Daha sonra birliyin fonduna xeyriyyəçi insanlar tərəfindən daxil olan və yardım üçün nəzərdə tutulan müxtəlif əşyalar növlər üzrə qablaşdırılmış və bölgəyə göndərilmişdir. Xeyriyyə təşkilatı olan “Damla” İctimai Birliyi bu aksiyada iştirak edən bütün yardımsevər insanlara öz minnətdarlığını bildirir.