Son bildiyimiz başlanğıc.
Hər mövsümün özünə xas gözəllikləri vardır.
Qış fəsli deyildiyi zaman ilk olaraq ağlımıza çətinlikləri çox olan fəsil gəlir – soyuq, şaxta, qar, çovğun, buz tutmuş yerlər, çətin hava şəraitində yollarda yaranan çətinliklər və s. Ancaq, bu çətinliklər qışı sevimsiz edə bilmir. Çünki, qışın sevdiyimiz özəllikləri daha çoxdur – ağacların, yerlərin, hər tərəfin ağappaq örtüsü ilə yaranan gözəl mənzərələr, dostlarımızla birgə qar adam düzəltməyimiz, qar topu, sürüşkən əyləncələrimiz, isti evlərimizdə toplaşaraq etdiyimiz şirin söhbətlər və s.
Qış fəslində bizə elə gəlir ki, təbiət donub cansız qalıb. Ancaq əslində təbiət yaşayır, sadəcə daha da güclü oyanmaq üçün “yatıb dincəlir”.
Qar, soyuq hava – torpağı, bitkiləri, havanı və canlıları bir çox mikroblardan qoruyur, həmçinin yağış və qar ilə su mənbələri ehtiyatını toplayır.
Qışın hikmətləri.
Qar – buludlardakı su buxarının çox soyuq hava axını ilə qarşılaşaraq parçalanması nəticəsində yaranır.Qar dənəcikləri əslində bir kristal nümunələridir. Tək-tək yaranan kristallar havadakı daha soyuq su damlalarını özünə çəkə bilir. Hər bir qar dənəciyi fərqlidir, bir-birinə bənzəmir. Əslində, diqqət çəkici olan isə, meydana gələn bu çeşid-çeşid qar dənəciklərinin mükəmməl, qüsursuz və simmetriyaya sahib olmasıdır.
Bu gözəlliyin başqaları tərəfindən görülməməsi və gərəkli marağın gostərilməməsi böyük bir itkidir. Hər kristal bir sənət incisidir və onların özünə məxsus bir dizaynı var. Göydən yerə enən hər bir qar dənəciyinin bir-birindən fərqli olduğunu çoxumuz bilmirik. Bilinsə belə bu möhtəşəm sirli həqiqət göz ardı edilir. Qar dənəciklərinin hamısı altı bucaqlı olub, quruluşlarının bir-birindən fərqli olması böyük bir möcüzədir. Belə bir fərqliliyi heç bir sənətçi, memar ya da alim gerçəkləşdirə bilməz. Biz insanlara isə bu möhtəşəmliyi seyr edib təfəkkür etmək qalır.
Paylaşmaq gözəldir.
Qış – paylaşmaq fəslidir. Soyuq havalar maddi ehtiyaclarını qarşılaya bilməyən insanların və küçələrdə yaşayan heyvanların həyat mübarizəsinə səbəb olur. Digər canlılara qarşı duyarlı, mərhəmətli olmağı, yardım etməyi öyrədir qış. Soyuqda yaşamaq üçün savaşan küçə heyvanlarına evimizin önünə qoyacağımız bir qab yemək onların həyatını qurtarmağa vəsilə olmaqdır. Çevrəmizdəki ehtiyac sahiblərinə edəcəyimiz yardımlarla da qış fəslinin gözəlliyini yaşaya bilərik əslində.